Birxeber.az / Ötən il 31 tibb müəssisəsində pozuntulara görə radioloji fəaliyyət məhdudlaşdırılıb

Ötən il 31 tibb müəssisəsində pozuntulara görə radioloji fəaliyyət məhdudlaşdırılıb

24-01-2024, 14:50

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü il ərzində ölkə ərazisində əhalinin və ərazilərin nüvə və radioloji təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyətin tənzimlənməsi üzrə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, Agentlik tərəfindən ötən il ərzində ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 151 “xüsusi icazə” verilib. Onların 117-si tibb müəssisələrinin, 34-ü isə sənaye və elmi-tədqiqat müəssisələrinin payına düşüb. Bununla yanaşı, nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 92 rəy verilib.

Həmçinin, 2023-cü ildə Agentlik tərəfindən ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının təmin edilməsi məqsədilə 164 müəssisənin radioloji-gigiyenik pasportu aparılıb.

Bundan əlavə, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən 306 nəzarət-yoxlama tədbiri keçirilib. Bu tədbirlər nəticəsində 154 inzibati protokol tərtib edilib, 150 inzibati işə baxılıb, 31 tibb müəssisəsində aşkar edilmiş pozuntularla əlaqədar radioloji fəaliyyət məhdudlaşdırılıb.

Ötən il Agentlik tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan tibb müəssisələrinin rəhbər heyəti və aidiyyəti personalı üçün “Tibb müəssisələrində radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət mexanizmi” adlı təlim, tibb və sənaye müəssislərinin mütəxəssisləri, həmçinin radiasiya aşkarlama və nəzarət funksiyalarını icra edən dövlət orqanlarının nümayəndələri üçün Naxçıvan şəhərində “Tibb və sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi respublika ərazisində nüvə və radioloji təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

Geri qayıt