Birxeber.az / Türkiyənin milli müdafiə nazirinin müavini hərbi institutu ziyarət edib

Türkiyənin milli müdafiə nazirinin müavini hərbi institutu ziyarət edib

28-02-2024, 13:40

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi institutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib, iki ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb.

Türkiyə nümayəndə heyəti institutun ərazisindəki muzeydə Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Qonaqlar burada kursantların tədris prosesinin gedişatı ilə də maraqlanıblar.

Hərbi institutun akt zalında keçirilən tədbirdə Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himnləri ifa edilib.

"Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə igid, qorxmaz oğullarımızın azadlıq uğrunda apardıqları mübarizədən, tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən, bu əlaqələrin bütün türk dünyası üçün mühüm əhəmiyyətə malik olmasından, qardaş ölkə Türkiyənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü hər zaman dəstəkləməsindən danışıblar", - məlumatda qeyd olunub.

Geri qayıt