Birxeber.az / “Qəbələ”nin sabiq baş məşqçisi: Komanda vəziyyətdən çıxmaq üçün hər oyunda iradə göstərməlidir

“Qəbələ”nin sabiq baş məşqçisi: Komanda vəziyyətdən çıxmaq üçün hər oyunda iradə göstərməlidir

27-02-2024, 14:40

“Qəbələ” vəziyyətdən çıxmaq üçün hər oyunda iradə göstərməlidir.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Fevralın 24-də “qırmızı-qaralar”la yollarını ayıran 44 yaşlı mütəxəssis hazırda Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan bölgə təmsilçisinə bundan sonrakı dönəmdə uğurlar arzulayıb: “Kəpəz”dən 8 xal geri qala bilərlər. Amma hər şey mümkündür. “Qəbələ”nin istədiyi yerlərdə qərarlaşmasını arzulayıram”.

Çalışdırıcı 2019-cu ildən rəhbərlik etdiyi komandanın cari mövsüm zəif nəticələr göstərməsinə də münasibət bildirib: “Uğursuz çıxışa səbəb çoxdur. Komandadan çox sayda oyunçu getdi, kifayət qədər zədəli və cəzalılarımız oldu. Biz də Premyer Liqanın XXIV turunda “Kəpəz”lə (1:2) qarşılaşmadan sonra rəhbərliklə görüşdük və yolları ayırmağı qərara aldıq”.

Qeyd edək ki, “Qəbələ” iki gün əvvəl gürcüstanlı Kaxaber Sxadadzeni baş məşqçi postuna təyin edib.

Geri qayıt