Birxeber.az / Rəqabət Məcəlləsi ölkədə sağlam mühit yaradacaq - ŞƏRH

Rəqabət Məcəlləsi ölkədə sağlam mühit yaradacaq - ŞƏRH

24-01-2024, 12:50

Ötən gün ölkə başçısı İlham Əliyev Rəqabət Məcəlləsini təsdiqləyib. 12 fəsil, 84 maddədən ibarət olan qanun 2024-ci ilin 1 iyul tarixindən qüvvəyə minəcək.

İqtisadçı-ekspert Eldəniz Əmirov “APA-Economics”ə açıqlamasında bildirib ki, Rəqabət Məcəlləsinin təsdiqlənməsi iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan ən uğurlu addımlardan biridir: “2006-cı ildən bəri birinci oxunuşdan sonra dayandırılan Rəqabət Məcəlləsi nəhayət ki, 18 ildən sonra təsdiqlənərək hüquqi sənəd statusu aldı. Rəqabət Məcəlləsi ölkədə rəqabət mühitinin formalaşmasına mütləq şəkildə töhfəsini verəcək”.

Ekspert bildirib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərə nəzər salınsa, iqtisadi istiqamət üçün nəzərdə tutulan qanunvericilik sənədlərinin daha çox dəyişikliklərə məruz qaldığını görə bilərik: “Belə dəyişikliklərin edilməsində də məqsəd çevikliyi təmin etmək və iqtisadi inkişafa daha real töhfə verməkdir. Bu baxımdan düşünürəm ki, qarşıdakı illərdə də Rəqabət Məcəlləsinə müəyyən dəyişikliklər həyata keçiriləcək. Çünki mexanizm işə düşdükdən sonra onun çatışmayan tərəfləri avtomatik qaydada özünü biruzə verəcək”, - deyə ekspert əlavə edib.

E. Əmirov onu da deyib ki, bu məcəllə özündə bir sıra qanunvericilik aktlarını cəmləyir: “Buna görə də qarşıdakı illərdə qanunvericiliyə dəyişikliyin olmasının qaçılmaz olduğunu da görəcəyik. Çünki burada “Haqsız Rəqabət”, “Təbii İnhisar haqqında, eyni zamanda da “Antiinhisar fəaliyyəti haqqında” qanunlar vahid sənəddə birləşir”.

“Burada elə maddələr var ki, onu biz məcəllənin əsası adlandıra bilərik. Rəqabət Məcəlləsinin beş, on, on bir, on beşinci maddələri məcəllənin ürəyi hesab oluna bilər. Yəni bu maddələrin daha təkmil olması ölkədə rəqabət mühitinin daha yaxşı formalaşmasına ciddi töhfə verə bilər”, - deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, bu məcəllənin qəbul edilməsi iqtisadi qanunvericilik üçün ən böyük uğurdur: “Ölkə başçısınını fərmanı ilə Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsi altı ay müddətinə hazırlanıb ölkə başçısına təqdim olunmalıdır. ÜMid edirəm ki, altı ay müddətində təkmil qanun layihəsi hazırlanaraq təqdim olunacaq”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi ölkəmizdə rəqabət mühitinin təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsi məqsədilə hazırlanıb. Məcəllə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları özündə ehtiva edir.

Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun III oxunuşda qəbul edilib.

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanun 23 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Geri qayıt