Birxeber.az / Mayda Bakıda "Caspian Agro" və "Interfood Azerbaijan" sərgiləri keçiriləcək

Mayda Bakıda "Caspian Agro" və "Interfood Azerbaijan" sərgiləri keçiriləcək

27-02-2024, 11:40

Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

Bu barədə “Birxeber.Az”a sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.

Məlumata görə, sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayacaq. Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə və şirkətləri yer alacaq.

Üç gün davam edəcək "Caspian Agro"nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.

"Caspian Agro" ilə paralel olaraq, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi "InterFood Azerbaijan" təşkil ediləcək. Sərgidə Azərbaycanla yanaşı, Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkmənistan, Türkiyə və Venesueladan olan şirkətlər təmsil olunacaq.

"InterFood Azerbaijan" − sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətləri üçün distribütorlar və nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərgidə ilk dəfə olaraq "Agro Hackathon" müsabiqəsi keçiriləcək. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Geri qayıt