İranda Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

İranda Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlama Şurasının 34-cü iclası çərçivəsində İran İslam Respublikasının Tehran şəhərində təşkil olunan Turizm Komitəsinin toplantısı Azərbaycanın sədrliyi ilə keçirilib.

Dövlət Turizm Agentliyindən Birxeber.Az-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanı Agentliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.

Toplantı zamanı, təşkilatın 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər üzrə iş planına əsasən, İƏT regionu ölkələri üçün turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinin yaradılması, turizm standartlaşdırması üzrə işçi qrupu tərəfindən hazırlanmış İƏT regionunda fəaliyyət göstərən yerləşdirmə müəssisələrinin davamlılığı ilə bağlı ümumi kriteriyalar, üzv dövlətlər arasında İpək Yolu turizmi istiqamətidə əməkdaşlığın genişləndirilməsi məqsədilə işçi qrupun yaradılması müzakirə edilib.

Tədbirdə, həmçinin İƏT və UNESCO-nun birgə əməkdaşlığı ilə qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması üçün müvafiq tədbirlərin təşkili, eləcə də üzv dövlətlərin mövcud turizm potensialının təşkilat çərçivəsində daha geniş təbliğatının aparılması məqsədilə yeni layihə olan "İƏT-in turizm səfirləri"nin təyin edilməsi məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.