Rüfət Bayramov: "TRACECA çərçivəsində bir sıra xidmətlər rəqəmsallaşacaq"

Rüfət Bayramov: "TRACECA çərçivəsində bir sıra xidmətlər rəqəmsallaşacaq"

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində bir sıra xidmətlər rəqəmsallaşacaq.

Bunu “Report”a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: “Bir neçə nəqliyyat növündə rəqəmsallaşma - həm TIR, həm də dəmir yolu daşımalarında elektron qaimə tətbiq ediləcək. Azərbaycan, Ukrayna, Gürcüstan və Türkiyə, Qazaxıstan dəmir yolunda elektron CİM/SMGS qaiməsinin tətbiqi üçün memorandum imzalayıb. Bu istiqamətdə pilot layihələr nəzərdə tutulur".

Bundan başqa, TRACECA rəsmisi deyib ki, vahid tranzit sazişinin tətbiqi ilə bağlı da iş aparılır: “Saziş bu il imzalanacaq. Bu, dəhlizlə yükdaşıma asanlaşdıracaq. Çünki əldə edilən icazədən bütün dəhliz boyunca, bütün ölkələrdə istifadə etmək mümkün olacaq. Ümumiyyətlə biz çalışırıq ki, TRACECA boyunca yükdaşımanı asanlaşdıraq. Mövcüd reallıqlara uyğun addımlar atırıq ki, dəhlizdə yükdaşımalar artsın. Hazırda Orta Dəhlizə maraq artmaqdadır. Şirkətlər bura yönəlməkdədir. TRACECA Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası ilə sıx əməkdaşlıq edir. Biz onlara Xəzər dənizində olan problemlərlə bağlı dəstək göstəririk. Assosiasiya ilə məlumatların mübadiləsi həyata keçirilir”.

R.Bayramov Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin daşımalara təsirinə də toxunub: "Suyun azalması gəmilərə təsir edir. Hazırda Xəzərdə gəmilər 75 % yüklənir. Bu problem son bir neçə ildir ki, müşahidə edilir”.

Xatırladaq ki,TRACECA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edib. 7-8 sentyabr 1998-ci il tarixlərində Bakıda 9 ölkənin - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.