Ruslan Lunyov: “Anamın olimpiadadakı nəticəsini yaxşılaşdırsam, mənimlə qürur duyar” - MÜSAHİBƏ

Ruslan Lunyov: “Anamın olimpiadadakı nəticəsini yaxşılaşdırsam, mənimlə qürur duyar” - MÜSAHİBƏ

2023-cü ilin martında Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın gümüş medalını əldə edən Ruslan Lunyov Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan ilk idmançısıdır.

Afina-2004-ün bürünc mükafatçısı olan İradə Aşumovanın oğlu karyerasında üçüncü dəfə olimpiadaya qatılacaq.

O, 2024-cü ilin ilk beynəlxalq turniri hesab edilən Sloveniyanın Ruşe şəhərindəki Qran-pridə fərdi yarışda 15-ci, komanda şəklində isə Nigar Nəsirova ilə birlikdə 5-ci yeri tutub.

34 yaşlı Ruslan Lunyov “Report”a müsahibəsində həm yanvarın əvvəllərində baş tutan Qran-prini dəyərləndirib, həm də olimpiada ilə bağlı hədəflərini açıqlayıb.

- Sloveniyanın Ruşe şəhərində keçirilən Qran-pridə komanda şəklində 5-ci yeri tutdunuz. Nəticəni necə dəyərləndirmək olar?
- Bu ilə elə də yaxşı başlamadıq. Yarışa Nigar Nəsirova ilə birlikdə getmişdik. Daha vacib turnirlərə vaxtımız olduğu üçün texnikanı müəyyən qədər dəyişdik. Qran-pridə eksperimentlər etdik, yenilikləri yoxladıq. Martdan etibarən daha vacib yarışlarımız olacaq. Həmin vaxta qədər müxtəlif texnikaları yoxlayırıq ki, görək bizə hansı uyğundur. Bu səbəbdən nəticələrin bir az aşağı olması normaldır.

- Fərdi yarışda isə 15-ci yeri tutdunuz. Nəticənin belə zəif olmasının səbəbi eynidir?
- Bəli, səbəb eynidir. Müxtəlif yeni texnikaları sınaqdan keçiririk.

- 2024 dünya idmanı üçün hərəkətli ildir. Bu ildən gözləntiləriniz nələrdir?
- Həqiqətən də idman ictimaiyyəti üçün vacib ildir. İlk növbədə olimpiya ilidir. Mənim məqsədim Parisdə təşkil olunacaq olimpiadada uğur qazanmaqdır. Artıq iki olimpiadada iştirak etmişəm. Təəssüf ki, əvvəlki yarışlarda finala yüksələ bilməmişəm. Bu dəfə finala yüksələcəyimə və medal qazanacağıma ümid edirəm.

- Mayda Bakıda Dünya Kuboku keçiriləcək. Avropa çempionu olsanız da, dünya çempionluğunuz yoxdur. Bakıdakı yarışda qalib olmaq şansınızı necə görürsünüz?
- Atıcılıqda Dünya Kuboku digər idman növlərindən, məsələn, futboldan fərqlidir. Atıcılıqda həm Dünya Kuboku, həm də dünya çempionatı olur. Düzdür, hər ikisində medal qazanmışam. Ancaq bunlar qızıl medal deyil. Açığı, evdə yarışmaq mənə çətindir. Əvvəlki illərdə də Bakıda dünya çempionatı və Dünya Kuboku təşkil olunmuşdu. Təəssüf ki, heç birində medal qazana bilməmişdim. Ən yaxşı nəticəm 5-ci yer olmuşdu. Evdə çıxış edəndə hamının gözü səndə olur, azarkeşlik edirlər, uğur gözləyirlər. Bu da istər-istəməz işi çətinləşdirir. Məsuliyyət daha böyük olur. Atıcılıqda psixoloji amil daha vacibdir. Dəstək bəzən mane olur, fikrimizi yayındırır. Belədə diqqətini cəmləmək çətinləşir. Bu idman növündə fiziki yox, psixoloji hazırlıq 80 faiz rol oynayır. Ancaq düşünürəm ki, bu, olimpiada öncəsi mənim üçün yaxşı hazırlıq olacaq.

- Olimpiadaya lisenziya qazandıqdan sonra digər beynəlxalq turnirlərə hazırlıq zamanı özünüzü yüksək motivasiyada saxlamaq çətin olmur?
- Motivasiyam hər zaman yerindədir. Olimpiadaya lisenziyam olsa da, beynəlxalq turnirlərə yüksək əhvali-ruhiyyədə hazırlaşıram. Bu yarışlardakı uğurlu nəticələrimi beynimdə qeyd edirəm. Uğursuz olduğum məqamları isə yenidən sınaqdan keçirirəm. Olimpiadaya daha yaxşı hazırlaşmaq baxımından beynəlxalq turnirlər məni motivasiyada saxlayır.

- Rəqiblərinizi, demək olar ki, tanıyırsınız. Paris-2024-də hədəf nə olacaq?
- Məqsədim minimum finala yüksəlməkdir. Arzuolunan isə, təbii ki, medal qazanmaqdır. Rəqiblərimi tanıyıram, onlarla müxtəlif yarışlarda rəqabət aparmışam. Bəzən udmuşam, bəzən uduzmuşam. Tamamilə sakit şəkildə yarışa bilərəm. Doğrudur, olimpiada digər turnirlərdən daha məsuliyyətlidir. Ancaq bunu digər yarışlardan biri kimi hesab edərək hazırlaşacağam. Rəqiblərim də insandırlar, təbii olaraq həyəcan keçirirlər.

- Ananız İradə Aşumova Afina-2004 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Onun nəticəsini təkrarlamaq və ya yaxşılaşdırmaq perspektivinizi necə görürsünüz?
- Əlbəttə ki, mən də Azərbaycan tarixində olimpiya medalçıları sırasına düşmək istəyirəm. Anamın olimpiadadakı nəticəsini yaxşılaşdırsam və bürüncdən daha yüksək əyarlı medal qazansam, əminəm ki, mənimlə qürur duyar.

- Paris-2024 sizin üçün sonuncu olimpiadadır, yoxsa davam etməyi düşünürsünüz?
- Xeyr, bu, sonuncu olimpiadam olmayacaq. Minimum 2028-ci ildəki olimpiadada da iştirak etməyi planlaşdırıram. Ondan sonra necə olacağını zaman göstərəcək. Yəni olimpiadada bir yox, bir neçə medal qazana bilərəm.

- Həm özünüzün, həm də ananızın kifayət qədər zəngin olimpiada təcrübəsi var. Bu amil Parisdə sizə kömək edə bilər?
- İlk dəfə 2016-cı ildə Beynəlxalq Güllə Atıcılığı Federasiyasının "vayld kart"ını alaraq Rio-de-Janeyrodakı olimpiadada iştirak etdim. Azərbaycandan ən yaxşı atıcı kimi ora yollanmışdım. Tokio-2020 Yay Olimpiya Oyunlarına isə özüm lisenziya qazanmışdım. Həmin dönəmdə pandemiya ilə əlaqədar bütün qapalı məkanlarda məşq etmək qadağan olunduğu üçün marta qədər məşq edə bilməmişdim. Bu, susuz hovuz kimi idi. Yalnız apreldən məşq keçmək imkanı tapdım. Yarışlara bir neçə ay vaxt qalmışdı. Bu amil də nəticəmdə əksini tapdı. O ki qaldı sualınıza, bəli, təcrübə kömək edir. İlk olimpiadamda çox həyəcanlı idim. Tokioda həyəcan nisbətən azalmışdı. Sadəcə, digər amillər təsir göstərdi.