Banqladeş səfiri: “Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyi uğurla icra edəcək”

Banqladeş səfiri: “Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyi uğurla icra edəcək”

Azərbaycan Asiya Parlament Assambleyasına (APA) sədrlik kimi çətin vəzifəni uğurla icra edəcək.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Banqladeşin Türkiyədəki səfiri Amanul Haq bildirib.

Səfir hesab edir ki, dünya arenasındakı hazırkı mürəkkəb və keşməkeşli vəziyyətə görə, APA-ya sədrlik çətin vəzifədir: “Amma Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu nəzərə alaraq parlamentinizin bu məsuliyyətin öhdəsindən uğurla gələcəyi inandırıcıdır”.

“Banqladeş parlament demokratiyasıdır və parlamentin güclü roluna inanır. 15-19 fevral 2024-cü il tarixlərində Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Banqladeşin Baş naziri xanım Şeyx Hasina ilə keçirilən son görüş ölkələrin mövcud ikitərəfli münasibətlərini daha da möhkəmləndirib”, - səfir deyib.

Diplomatın fikrincə, parlamentin güclü rol oynadığı Banqladeş Azərbaycanın APA-ya sədrliyi prosesinə istənilən dəstəyi göstərəcək: “APA-nın Banqladeş kimi fəal üzvlərinin dəstək göstərəcəyinə əminəm və Azərbaycan Parlamenti növbəti iki il ərzində öz vəzifə və öhdəliklərini uğurla yerinə yetirəcəyinə inanıram”.