Daşkənddə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Daşkənddə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı mərasim keçirilib.

Mərkəzdən "Birxeber.Az"a bildirilib ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları, yerli azərbaycanlılar, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, müəllimlər, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzi qarşısındakı abidəsi və Şəhidlər abidə kompleksinin önünə qərənfil və çiçəklər qoyublar.

Daha sonra mərasim iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvar və Qarabağ hadisələri ilə bağlı “İstiqlaliyyətə gedən yol” adlı kitab və rəsm sərgisi ilə tanış olublar.

Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək 20 Yanvar tarixinin yalnız faciə kimi deyil, həm də Azərbaycan xalqının istiqlaliyyətə gedən yolu, milli azadlıq mübadiləsində oyanış günü olduğunu deyib. O, istiqlal tariximizdə şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu qeyd edərək şəhidlərin Vətən üçün tökdükləri qanın hədər getmədiyini, ölkəmizin öz müstəqilliyinə qovuşduğunu söyləyib.
Çıxış edən digər natiqlər - Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, azərbaycanlı alim Almaz Məcidova, dosent Gülbahar Aşurova və başqaları bu hadisələr zamanı uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz azadlıq səsini ucaltdığını, dövlətimizin suverenliyi, Vətən torpaqları üçün cəsarət nümayiş etdirdiyini bildiriblər. Onlar 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının ictimai şüurunda, azadlıq ideyalarında ciddi dəyişikliklərin baş verdiyini vurğulayıb, müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan o dəhşətli günlərdə xalqın bir yumruq kimi vahid bir ideya ətrafında birləşdiyini qeyd ediblər.

Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Azərbaycan elmi-tədqiqatlar Mərkəzinin “Füzuli dilbəndləri” qrupunun üzvlərindən ibarət bir qrup tələbə 20 Yanvar, Vətən məhəbbəti, şəhidlər haqqında şeirlər söyləyib, şəhidlərə həsr olunmuş tamaşa-kompozisiya təqdim ediblər.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film də nümayiş etdirilib.