“Qəbələ” klubu yeni baş məşqçisini açıqlayıb

“Qəbələ” klubu yeni baş məşqçisini açıqlayıb

“Qəbələ” klubu yeni baş məşqçisini açıqlayıb.

“Birxeber.Az” xəbər verir ki, Elmar Baxşıyevin istefasından sonra boş qalan posta gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze təyin edilib.

55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb. Tsxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. O, 2011-2015-ci illərdə ölkəmizdə “Simurq”un baş məşqçisi olub.

Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-86, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-02), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-04), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-96), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Tsxadadze MDB (1992) və Gürcüstan (1991-98) millilərinin formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.

Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001/2002-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Tsxadadze sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Onun rəhbərlik etdiyi komandalar 2004/2005 və 2005/2006 mövsümlərində Gürcüstan, 2009/2010 mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.