İpək Yolu turizmi istiqamətində beynəlxalq əməkdaşlıq genişləndirilə bilər

İpək Yolu turizmi istiqamətində beynəlxalq əməkdaşlıq genişləndirilə bilər

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində İpək Yolu turizmi istiqamətində beynəlxalq əməkdaşlıq genişləndirilə bilər.

"Birxeber.Az" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, İƏT-in Regional Planlama Şurasının 34-cü iclası çərçivəsində Azərbaycanın sədrliyi ilə İranın paytaxtı Tehranda təşkil olunmuş Turizm Komitəsinin toplantısı keçirilib. Tədbirdə Azərbaycanı Agentliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.

Toplantıda təşkilatın 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər üzrə iş planına əsasən, İƏT regionu ölkələri üçün turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinin yaradılması, turizm standartlaşdırması üzrə işçi qrupunun hazırladığı İƏT regionunda fəaliyyət göstərən yerləşdirmə müəssisələrinin davamlılığı ilə bağlı ümumi kriteriyalar, üzv dövlətlər arasında İpək Yolu turizmi istiqamətidə əməkdaşlığın genişləndirilməsi məqsədilə işçi qrupun yaradılması müzakirə edilib.

Tədbirdə, həmçinin İƏT və UNESCO-nun birgə əməkdaşlığı ilə qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması üçün müvafiq tədbirlərin təşkili, eləcə də üzv dövlətlərin mövcud turizm potensialının təşkilat çərçivəsində daha geniş təbliğatının aparılması məqsədilə yeni layihə - "İƏT-in turizm səfirləri"nin təyin edilməsi məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.