Şotlandiyanın Aberdin Universitetində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Şotlandiyanın Aberdin Universitetində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Şotlandiyanın Aberdin Universitetində təhsil alan tələbələrin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar aksiya keçirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Aksiyanın məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması və dünyanın müxtəlif ölkələrindən olan tələbələrin məlumatlandırılması olub.

Soyqırımı qurbanlarının əziz xatirəsini anmaq məqsədilə tələbələrin sıx toplaşdığı məkanda - “Sir Duncan Rice” kitabxanasının qarşısında Xocalı həqiqətlərini əks etdirən stend qurulub. Cəmiyyətin rəhbəri İbrahim Xasiyev stendə yaxınlaşan tələbələrə XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Şotlandiyanın Aberdin Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 2023-cü ildə universitetdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Bir il ərzində cəmiyyət universitetdə bir çox tədbirlər həyata keçirib. Azərbaycanın zəngin tarixini və mədəniyyətini dünyaya tanıtdırmaq məqsədilə keçirilən bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr və müəllimlər iştirak edib.