Ukraynanın müdafiə naziri və ordunun baş komandanı cəbhəyə baş çəkiblər

Ukraynanın müdafiə naziri və ordunun baş komandanı cəbhəyə baş çəkiblər

Ukraynanın müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Oleksandr Sırski ön cəbhədə komanda məntəqələrində olublar.

“Birxeber.Az” xəbər verir ki, bu barədə USQ baş komandanının teleqram kanalında bildirilib.

“Vəziyyət bir çox istiqamətlərdə ağırdır və daimi nəzarət tələb edir. Düşmən bizim qoşunların mövqelərinə mütəmadi həmlələr həyata keçirir”, – Sırski söyləyib.

Onun sözlərinə görə, komandirlərlə birlikdə vəziyyət diqqətlə təhlil edilib və gələcək üçün atılacaq addımlar, xüsusilə manevr potensialı və mövqe müdafiəsi, eləcə də ayrı-ayrı sahələrin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, fevralın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski USQ-nin Quru Qoşunlarına komandanlıq edən Oleksandr Sırskini ordunun baş komandanı təyin edib. Daha öncə bu vəzifədə Valeri Zalujnı olub.

Qeyd edək ki, fevralında 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü tamam olub. Bu dövr ərzində Rusiya ordusu Ukraynanın on minlərlə kvadratkilometr ərazisini işğal edib, minlərlə sakinini öldürüb. Ötən ilin yay aylarınadək Ukrayna ordusunun verimli fəaliyyəti sonucunda işğalçı qüvvələrin hücumlarının kəsəri azalsa və bəzi ərazilər azad olunsa da, sentyabrdan başlayaraq Rusiya təşəbbüsü ələ alıb və bir neçə istiqamətdə, xüsusəndə şərqdə irəliləməyi bacarıb.