Süni intellekt Altshaymeri proqnozlaşdırmağı öyrənib

Süni intellekt Altshaymeri proqnozlaşdırmağı öyrənib

ABŞ-nin San-Fransisko şəhərindəki Kaliforniya Universitetinin alimləri Altshaymer xəstəliyinin klinik əlamətləri görünməzdən yeddi il öncə başlanğıcını proqnozlaşdıra bilən süni intellekt (Sİ) modeli hazırlayıblar.

“Report” xəbər verir ki, bu barədə araşdırma “Nature Aging” (NatAge) elmi jurnalında dərc olunub.

Altshaymer xəstəliyi demensiyanın ən çox yayılmış formasıdır və adətən 65 yaşdan yuxarı insanlarda müşahidə olunur. Bu, artan yaddaş itkisi, koqnitiv tənəzzül və müxtəlif nevroloji dəyişikliklər, o cümlədən beyində amiloid-beta təbəqələrinin və tau spirallarının yığılması ilə xarakterizə olunur.

Altshaymerin erkən müəyyən edilməsi xəstəliyin trayektoriyasını önəmli dərəcədə dəyişdirə və ya təsirini azalda bilər.

Tədqiqat qrupu neyron şəbəkəni Kaliforniya Universitetinin San-Fransisko Tibb Mərkəzindəki elektron tibbi qeydlərin geniş verilənlər bazası üzərində öyrədib. Sonuclara əsasən, süni intellekt 72 % hallarda Altsaymer xəstəliyinin başlanğıcını proqnozlaşdıra bilir.

Cinsdən asılı olmayaraq xəstəliyin əsas proqnozlaşdırıcıları yüksək xolesterin, hipertoniya və D vitamini çatışmazlığı olub. Kişilərdə həmçinin erektil disfunksiya və prostat vəzinin böyüməsi, qadınlarda isə osteoporoz simptomları olub.

Araşdırmaçılar ümid edirlər ki, onların metodları təşxisi çətin olan digər xəstəliklərdə, o cümlədən qurdeşənəyi və endometriozda (uşaqlıqda toxuma böyüməsi) tətbiq oluna bilər.