Premyer Liqa: bu gün “Zirə” səfər, “Qarabağ” ev oyununa çıxacaq

Premyer Liqa: bu gün “Zirə” səfər, “Qarabağ” ev oyununa çıxacaq

Azərbaycan Premyer Liqasında XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

“Birxeber.Az”un məlumatına görə, hər iki görüş Bakıda oynanılacaq.

İlk olaraq “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. Hesabında 32 xal olan “Zirə”nin rəqibini cəmi 1 xal qabaqlaması matça olan marağı daha da artırır. Hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan naxçıvanlılar qələbə qazanmaqla 4-cü yerə qədər irəliləyə biləcəklər. Paytaxt təmsilçisi isə uğursuz seriyaya son qoymaq əzmindədir. Rəşad Sadıqovun yetirmələri 10 turdur qələbə qazana bilmirlər.

Turun son görüşündə lider “Qarabağ” ən yaxın izləyicisi “Sumqayıt”ı sınağa çəkəcək. Avrokuboklarda yeni tarix yazan Qurban Qurbanovun kollektivi bu görüşdə qalib gəlməklə, aradakı xal fərqini 18-ə yüksəldə bilər. Hazırda “Qarabağ” 51 xala malikdirsə, “Sumqayıt”ın hesabında 36 xal var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar.

Azərbaycan Premyer Liqası
XXIV tur
25 fevral (bazar)

16:30. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Dalğa Arena”

19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika stadionu