Qərbi Azərbaycan Xronikası: Türk-xristian məbədlərini erməniləşdirmək üçün dağıtdılar

Qərbi Azərbaycan Xronikası: Türk-xristian məbədlərini erməniləşdirmək üçün dağıtdılar

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, verilişdə Cücəkəndin etnoqrafiyası, əhalisi, coğrafiyası, atət-ənənələri, fərqli toy adətləri, xalçaçılıq sənəti və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, 1935-ci ilə qədər Cücəkənd adlandırılan indiki Qızıl Şəfəq 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olub. Kənd rayon mərkəzindən 15 kilometr şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olub və sonradan toponim fonetik hadisəyə uğrayaraq Cücəkənd formasında qalıb. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranıb. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlib.

Qeyd olunub ki, Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il qərarı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulub. Kənddə 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 210 nəfər, 1914-cü ildə 468 nəfər, 1916-cı ildə 399 nəfər azərbaycanlı yaşayıb. 1918-ci ildə azərbaycanlılar deportasiyaya məruz qalıb. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz ocaqlarına dönüblər. Burada 1922-ci ildə 474 nəfər, 1926-cı ildə 498 nəfər, 1931-ci ildə 623 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulub. Bu kəndin azərbaycanlı ailələrin bir çoxu Şamaxının Kərkənc kəndində məskunlaşıb.

Çəkilişləri Bakıda və Şamaxıda aparılan süjetdə kənddə ermənilər tərəfindən dağıdılmış Alban abidələri, bu abidə üzərində qədim yazıların açılmayan sirli mənası, eləcə də Kərkəcdə yaşayan Cücəkənd sakinlərinin həyat tərzləri və doğma yurda qayıdış istəkləri göstərilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə: