Balakəndə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Balakəndə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən şəhəri, Mirzə Şəfi Vazeh küçəsində yerləşən dülgər sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb, obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Həmin obyektdə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilib. Balakən şəhəri, Mirzə Şəfi Vazeh küçəsində yerləşən dülgər sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.