Keniya Baş prokurorunun Azərbaycana səfəri başa çatıb

Keniya Baş prokurorunun Azərbaycana səfəri başa çatıb

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.

Bu barədə "Birxeber.Az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Keniyalı prokurorlar ölkəmizin prokurorluq orqanlarının, o cümlədən Baş Prokurorluğun yeni inzibati binasında yerləşən struktur qurumlarının, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Bakı şəhər prokurorluğunun fəaliyyəti ilə tanış olublar.

Məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədilə nümayəndə heyəti Yasamal rayon məhkəməsində olub. 7 saylı "ASAN Xidmət"in fəaliyyəti ilə tanışlıq isə qonaqlarda yüksək təəssürat yaradıb.

Bundan başqa, qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olmuş, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilmişdir.

Heyət 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu “Hərbi Qənimətlər Parkı”nda olmuş, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Keniyanın Baş prokuroru Renson İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.