Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 24 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulunu keçirib.

FHN-dən Birxeber.Az-ya verilən xəbərə görə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Masallı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.