Stoltenberq: Ukrayna NATO-ya daxil olacaq

Stoltenberq: Ukrayna NATO-ya daxil olacaq

"Ukrayna NATO-ya daxil olacaq".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin ikinci il dönümü ilə bağlı bəyanatında bildirib.

Baş katib Stoltenberq deyib ki, döyüş meydanında vəziyyət son dərəcə ciddi olaraq qalır. "Prezident Putinin Ukraynaya hökmranlıq etmək məqsədi dəyişməyib və onun sülhə hazırlaşdığına dair heç bir işarə yoxdur. Ancaq biz ruhdan düşməməliyik. Ukrayna təkrar-təkrar diqqətəlayiq bacarıq və güclü qətiyyətini nümayiş etdirir. Ukrayna çoxlarının qorxduğu kimi həftələr ərzində dağılmadı. Bu ölkə Rusiyanın zəbt etdiyi ərazilərin yarısını geri aldı, Rusiyanı Qara dənizin böyük hissəsindən geri itələdi, rus qoşunlarına ağır itkilər verdirdi və hər şeydən vacib Ukrayna öz azadlığını və müstəqilliyini qoruyub saxlayır".

Yens Stoltenberq bütün bunların Ukrayna xalqının cəsarəti və qətiyyəti sayəsində mümkün olduğunu vurğulayaraq, NATO müttəfiqlərinin bu ölkəyə böyük hərbi və iqtisadi dəstəyini də qeyd edib.

O xatırladıb ki, son günlərdə və həftələrdə NATO müttəfiqləri Ukrayna üçün milyardlarla dollar dəyərində yeni yardım paketləri elan ediblər: "Bunlar artilleriya sursatları, hava hücumundan müdafiə sistemləri və döyüş qayıqları kimi əsas vasitələri, eləcə də F-16 avadanlığı və ehtiyat hissələri, pilotsuz uçuş aparatlar və minatəmizləmə avadanlıqlarını əhatə edir, Ukrayna üçün daha çox dəstək yoldadır", - o deyib.

Alyansın Baş katibi Rusiya Prezidenti Putinin bu müharibəyə NATO-nun qapısını bağlamaq və Ukraynanın öz yolunu seçmək hüququndan məhrum etmək istədiyi üçün başladığını qeyd edərək, lakin bunun tam əksini əldə etdiyini deyib.

"Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır", - Stoltenberq vurğulayıb.
"Biz birlikdə Polşada yeni Birgə Təhlil, Təlim və Təhsil Mərkəzi açacağıq. NATO-Ukrayna Şurası vasitəsilə siyasi əlaqələrimizi dərinləşdiririk, orada məsləhətləşib, birgə qərarlar qəbul edirik.
Ukrayna NATO-ya daxil olacaq. İndi söhbət "əgər" yox, "nə vaxt"dan gedir. Sizi həmin günə hazırlayarkən, NATO Ukraynanın yanında olmağa davam edəcək. Bu həm sizin, həm də bizim təhlükəsizliyiniz üçündür", - Baş katib qeyd edib.