Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən “13” filmi təqdim edilib - FOTO

Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən “13” filmi təqdim edilib - FOTO

Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmin ilk nümayişi və ictimai müzakirəsi keçirilib.

Birxeber.Az xəbər verir ki, təqdimatda Xocalı itkinlərinin yaxınları da iştirak edib.

Filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Mübariz Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, Qeyri-Hökmət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi “13” adlı bədii-sənədli film Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdırır: "Filmin rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur. Çəkilişlərdə müxtəlif səhnələri canlandırmaq üçün onlarla aktyor iştirak edib.

Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Filmdə həmin şəxslərin ailə üzvləri və yaxınları, hadisələrin canlı iştirakçıları ilk dəfə təfərrüatları açıqlayır".

Müəllifin sözlərinə görə, 6 aya ərsəyə gələn filmin büdcəsi isə 60 min manat təşkil edib.

"Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur".

Tədbiri giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi agentliyinin sədri Aygün Əliyeva qeyd edib ki, Xocalı soyqırımına siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Diqqətə çatdırıb ki, 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlər bu faciənin dünyaya çatdırılmasında, Azərbaycan həqiqətlərin tanıdılmasında mühüm rol oynayıb.

Aygün Əliyeva vurğulayıb ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsinə xüsusi diqqət ayırır.

Sonra çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib ki, İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb: "Torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur. Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfər olub. İşğaldan azad olunmuş ərazilərdə fevralın 21-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq".

Qeyd edək ki, film artıq xarici dillərə tərcümə edilib və xarici ölkələrdə nümayişi nəzərdə tutulur.