İsveçrənin Rusiyaya münasibəti dəyişib

İsveçrənin Rusiyaya münasibəti dəyişib

Neytral statusa malik İsveçrə NATO ilə əlaqələri gücləndirmək, o cümlədən hərbi təlimlərdə iştirak etmək niyyətindədir. Xüsusilə Berndə Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə aid olan manevrlərdə tam iştirak məsələsini nəzərdən keçirməyə hazırdırlar.

“Birxeber.Az”un məlumatına görə, bunu “Blick” qəzetinə müsahibəsində Müdafiə Nazirliyinin tərkibinə daxil olan İsveçrənin Təhlükəsizlik Məsələləri üzrə Dövlət Katibliyinin rəhbəri Markus Meder deyib.

Müdafiə naziri Viola Amherdin NATO ilə əlaqələri gücləndirmək niyyəti ilə bağlı sualına cavab olaraq Meder deyib:

“Söhbət əməkdaşlığın dərinləşdirilməsindən gedir. İnstitusional əsas NATO Sülh Naminə Tərəfdaşlıq proqramı olaraq qalır. NATO-ya üzvlük məsələsi qaldırılmır. Ancaq biz birlikdə daha sıx işləmək və maraqlarımızı qorumaq üçün bundan yaxşı istifadə etmək istəyirik”.

Dövlət Katibliyinin rəhbəri xatırladıb ki, İsveçrə uzun illərdir ki, NATO təlimlərində tərəfdaş ölkə kimi iştirak edir:

“İndiyədək biz həm də 5-ci maddəyə, yəni kollektiv müdafiəyə aid olan təlimlərdə müşahidəçi qismində iştirak etmişik. Bu gün sual yaranır: biz də bu təlimlərdə fəal iştirak etmək istəyə bilərikmi və istəyirikmi? NATO, ölkələri fərdi qaydada dəvət etməyi nəzərdən keçirir. Biz bu fikrə açığıq”.

2024-cü il yanvarın 1-dən indiki postunu tutan Meder İsveçrənin Rusiyaya münasibətini dəyişdiyini bildirib. O, açıq şəkildə bildirib ki, Bern Moskvanı Avropada təhlükəsizliyin möhkəmləndirilməsində tərəfdaş kimi qəbul etmir.