Naxçıvanda Heydər Əliyev Muzeyini 25 ildə 300 mindən çox insan ziyarət edib

Naxçıvanda Heydər Əliyev Muzeyini 25 ildə 300 mindən çox insan ziyarət edib

Naxçıvanda Heydər Əliyev Muzeyini fəaliyyət göstərdiyi 25 il müddətində 300 mindən çox insan ziyarət edib.

"Report"un yerli bürosu xəbər verir ki, 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində muzeyi 20 min 300-dən çox insan ziyarət edib. Ziyarətçilər arasında xarici ölkələrin vətəndaşları da var.

Ümummilli lider 1969-2003-cü illərdə Azərbaycanda yeni muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm qərarlar və sərəncamlar imzalayıb. Həmin dövrdə ölkədə onlarla yeni muzey və mədəniyyət mərkəzləri yaradılıb.

25 illik bir tarixə malik olan Naxçıvan Heydər Əliyev Muzeyi də tarix və mədəniyyətimizdə xüsusi yerə malikdir.

1999-cu ilin fevralın 18-də yaradılan muzey ulu öndərin adına və onun sağlığında yaradılan ilk muzeydir. Eyni zamanda həmin ilin oktyabrında Naxçıvana səfər edən ümummilli lider muzeyə gələrək ekspozisiya ilə tanış olub.

Muzeydə Ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks eksponatlar mühafizə olunur. Burada ümummilli liderin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, mühafizə olunur.

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi 1990-1993-cü illər Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələni təşkil edir. Həmin dövrdə muxtar respublikanın adından sovet-sosialist sözləri çıxarıldı. AXC-nin 3 rəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olunub və ilk dəfə məhz burda 3 rəngli bayrağımız qaldırıldı. Elə həmin bayraq muzeydə nümayiş etdirilən ən dəyərli eksponatlar sırasındadır.

Muzey fəaliyyətə başlayanda balansında 420 eksponat olsa da, hazırda bu say 5 mindən çoxdur.

Eksponatlar arasında Ulu Öndərin şərəfinə toxunan xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər də var. Muzeydə fəaliyyət göstərən kitabxanada hazırda 585 adda 1 200-dən artıq siyasi ədəbiyyat toplanıb. Burada Ümummilli Liderin ictimai-siyasi fəaliyyətinin, onun Azərbaycan xalqına, dövlətçiliyinə xidmətlərinin öyrənilməsi, tədqiq edilməsi üçün hər cür şərait yaradılıb.