Naxçıvan nümayəndə heyəti Türkiyənin ticarət naziri ilə görüşüb, ixrac imkanları müzakirə olunub - FOTO

Naxçıvan nümayəndə heyəti Türkiyənin ticarət naziri ilə görüşüb, ixrac imkanları müzakirə olunub - FOTO

Naxçıvan nümayəndə heyəti Türkiyədə səfərdə olub

Türkiyə-Naxçıvan iqtisadi əməkdaşlığının perspektivləri və qardaş ölkəyə ixrac imkanları müzakirə edilib.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti 15-16 fevral tarixlərində Türkiyənin Ankara şəhərində ikigünlük səfərdə olub.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov iştirak edib.

Səfər çərçivəsində Ankara şəhərində Naxçıvan nümayəndə heyəti Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat ilə görüşüb.

Görüşdə iqtisadi əlaqələrin inkişaf perspektivləri, münbit investisiya mühiti, muxtar respublikada istehsal olunan məhsulların qardaş ölkəyə ixrac imkanları və dövlət proqramı çərçivəsində layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyində keçirilən görüşlərdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi ətrafında müzakirələr aparılıb.