ABŞ ilə Azərbaycan arasında münasibətlər müasir çağırışlara söykənir - ŞƏRH

ABŞ ilə Azərbaycan arasında münasibətlər müasir çağırışlara söykənir - ŞƏRH

Xəbər verildiyi kimi, fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.

ABŞ xarici siyasət idarəsinin rəhbəri Azərbaycanı COP29-a rəhbərlik edən bir ölkə kimi dəstəklədiyini, eyni zamanda, ölkəsinin Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün faydalı işlər gördüyünü bildirib. Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Qeyd edək ki, Münxen səfəri çərçivəsində Prezident İlham Əliyevin ABŞ-nin 3 rəsmisi ilə görüşü olub. Blinkenlə yanaşı, dövlət başçısının ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri və Cozef Baydenin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə görüşləri olub və məhz qarşı tərəfin müraciəti əsasında baş tutub. Bu da ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin, eləcə də ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin olduğunu nümayiş etdirir.

44 günlük Vətən müharibəsində əldə olunan qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşdırıb. Bu gün Azərbaycan qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Artıq bölgədə “Dağlıq Qarabağ” adlı münaqişə yoxdur və bu amil Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni perspektiv vəd etməkdədir. Bu amil həm də mühüm hissəsi enerji əməkdaşlığından ibarət ABŞ-Azərbaycan münasibətlərinə yeni nəfəs verə bilər. Əvvəla, müasir dövrdə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına diqqət ayırmaq ən prioritet məqamlardan sayılır. Bu baxımdan da ABŞ Ermənistan-Azərbaycan sülh və normallaşma prosesini dəstəkləyir, bu prosesə öz töhfəsini verməkdə davam edir. İstənilən halda ABŞ Qarabağ probleminin həllindən sonra regiona münaqişəli ərazi kimi deyil, qlobal iqtisadi layihələrin mərkəzi kimi yanaşır. Bu xüsusda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın vüsət alması, ölkəmizin beynəlxalq iqlim təhlükəsizliyinə verdiyi töhfə, COP29-un ev sahibi rolunda çıxış etməsi ABŞ başda olmaqla, qlobal aktorları daha geniş və qarşılıqlı maraq doğuran əlaqələrə sövq edir. Bu, Azərbaycanın bütün dünya üçün iqtisadi marağını artırır.

Tarixə nəzər salsaq, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqilliyimizin ilk illərində Azərbaycanın əleyhinə olan “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mühüm əngələ çevrilmişdi. İki dövlət arasında əlaqələr və siyasi münasibətlər ulu öndər Heydər Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində yaxınlaşıb. Eləcə də, milli maraqlarımıza xidmət edən neft strategiyası ABŞ-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfələr verdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açdı. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrildi. Nəticə etibarı ilə müasir dövrdə iki ölkə arasında mühüm iqtisadi, siyasi və digər sahələrdə mühüm əlaqələr mövcuddur.

Eləcə də, Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. 11 sentyabr terrorundan sonra ABŞ-nin formalaşdırdığı beynəlxalq antiterror koalisiyasındakı fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz əlaqələrin inkişfında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı dövrdə isə “907-ci düzəliş”in dondurulması rəsmi Bakı ilə Vaşiqnton arasındakı münasibətlərin daha da dərinləşməsini şərtləndirdi.

30 illik bir tarixə malik diplomatik münasibətlər hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Bu isə hazırki reallıqlar prizmasından siyasi, iqtisadi, humanitar məsələlərlə bağlı müzakirələri aktuallaşdırır. Bir sözlə, ABŞ-Azərbaycan əlaqələri müsbət məcrada inkişaf etməkdədir və ABŞ də bunu dərk edərək münasibətləri irəliyə doğru aparır.