Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-nin Dövlət katibi Antoni Blinkenin görüşü olub - YENİLƏNİB

Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-nin Dövlət katibi Antoni Blinkenin görüşü olub - YENİLƏNİB

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.

Birxeber.Az xəbər verir ki, dövlət başçısını salamlayan Antoni Blinken deyib: Hər vaxtınız xeyir, cənab Prezident. Prezident Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirirəm. Son bir neçə ildə bizim görüşmək və söhbət etmək üçün bir çox imkanımız olub. Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var. Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm.

Prezident İlham Əliyev deyib: Təşəkkür edirəm, cənab Dövlət katibi. Siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəliyimizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm.

x x x

Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğulayıb ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu deyib.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır.

Dövlət başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd etdi və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib.

Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir.

Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

18.02

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.

Birxeber.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.