Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Mohamməd Caludla görüşüb.

“Birxeber.Az” xəbər verir ki, görüş Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Konqresində baş tutub.

Söhbət zamanı qurumlar arasındakı əlaqələrin möhkəm olduğu və böyük tarixə malik olduğu bildirilib, münasibətlərin davamının və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmaya böyük maraq və dəstək olduğunu bildirib. O, xüsusilə Prezident İlham Əliyevin ağırlıqqaldırma klubunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etməsi və özünün ştanqı qaldırmasını qeyd edib. Calud bu hərəkətin ağırlıqqaldırmaya nəinki Azərbaycanda, həmçinin bütün dünyada marağın artması baxımından möhtəşəm təkan olduğunu söyləyib və buna görə ona təşəkkürlərini çatdırıb.

AAF prezidenti vurğulayıb ki, Azərbaycan idman ölkəsidir və yalnız ağırlıqqaldırma deyil, bütün idman növlərinə dövlət səviyyəsində yüksək diqqət və qayğı var. Bunun nəticəsində idmançılarımız beynəlxalq arenada mütəmadi qələbələr qazanır, bayrağımızı yüksəldirlər. Onların arasında ağırlıqqaldıranlar da var.

Görüşdən sonra AAF-ın xüsusi hədiyyəsi - üzərində federasiyanın loqosu olan Azərbaycan ipək xalçası Mohamməd Calud və EWF prezidenti Antonio Konflittiyə təqdim edilib.

Kamran Nəbizadə Bolqarıstanda baş tutan Avropa çempionatında iştirak edən Azərbaycan idmançılarının çıxışlarını da izləyəcək.

Qeyd edək ki, EWF Konqresində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezident Firdovsi Umudov da iştirak edib. Orada gündəlikdə olan bir çox məsələlər müzakirələr edilib, ağırlıqqaldırmanın bu günü və gələcək perspektivləri diqqətə alınıb, hesabatlar dinlənilib, rəy və təkliflər verilib.