Premyer Liqa: “Sabah” “Kəpəz” üzərində əzmkar qələbə qazanıb

Premyer Liqa: “Sabah” “Kəpəz” üzərində əzmkar qələbə qazanıb

Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

“Birxeber.Az”un məlumatına görə, ilk oyun “Sabah”la “Kəpəz” arasında keçirilib.

“Bank Respublika Arena”da təşkil olunan görüşə qonaqlar erkən qolla başlayıblar. Martins Junior 6-cı dəqiqədə hesabı açıb. Buna baxmayaraq, meydan sahibləri 38-ci dəqiqədə Kahim Parrisin gözəl qolu ilə “status-kvo”nu bərpa ediblər. 55-ci dəqiqədə Cesse Sekidika “Sabah”ı hesabda önə keçirib. 79-cu dəqiqədə gəncəlilər üçüncü dəfə mərkəzə dəvət olunublar. Bu dəfə Kristian Da Silva adını tabloya yazdırıb.

Qarşılaşmada son nöqtəni isə qonaq komanda qoyub. 84-cü dəqiqədə Amil Yunanovun başla zərbəsi qarşısıalınmaz olub. Lakin “Kəpəz”in bundan artığına gücü çatmayıb.

Nəticədə 3:2 hesablı əzmkar qələbə qazanan “Sabah” xallarının sayını 31-ə çatdıraraq, turnir cədvəlində beşinci pilləyə yüksəlib. Doqquzuncu sırada qərarlaşan “Kəpəz” isə 20 xalda qalıb.

Günün ikinci görüşündə “Səbail”lə “Araz-Naxçıvan” qarşılaşacaqlar.

Qeyd edək ki, turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” matçı isə ikincilərin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.