G7 XİN rəhbərləri Münxendə Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

G7 XİN rəhbərləri Münxendə Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

G7 xarici işlər nazirlərinin qeyri-formal görüşündə Yaxın Şərqdəki vəziyyət və Ukrayna müzakirə olunub.

APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu G7-yə sədrlik edən İtaliyanın xarici işlər naziri Antonio Tayani Münxen Təhlükəsizlik Konfransı çərçivəsində G7 ölkələri XİN rəhbərlərinin görüşündən sonra brifinqdə deyib.

O deyib ki, görüşdə G7 XİN rəhbərləri fevralın 16-da həbsdə ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər: "O, azadlıq və demokratiya üçün həyatını itirdi", – nazir deyib.

Ukraynaya dəstəklə bağlı danışan İtaliya XİN rəhbəri bildirib ki, G7 ölkələri Ukraynaya siyasi, maliyyə və hərbi dəstəyi verməyə davam edir.

Görüşün ikinci hissəsində Ukrayna XİN rəhbəri Dmitri Kulebanın da iştirak etdiyini deyən italiyalı diplomat Kulebanın görüş iştirakçılarını məlumatlandırdığını və yardımın vacibliyini vurğuladığını əlavə edib.

G7-nin Yaxın Şərqlə bağlı mövqeyi barədə danışan nazir bunları deyib: "Biz İsrailin təhlükəsizliyini, girovların azad olunmasını, regionda deskalasiyanı və atəşkəsə çağırışımızı təkrar etdik. Atəşkəs mülki əhalinin (Qəzzadakı - red.) müdafiəsi və girovların azad olunması üçün vacibdir. Biz Fələstin hökumətini dəstəkləyirik və Muxtariyyət hökumətini islahatlara çağırırıq".

O deyib ki, İsrailin apardığı hərbi əməliyyat qeyri-mütənasibdir və minlərlə mülki şəxs Qəzzada ölüb: "Biz həmçinin Qəzzadakı mülki girovların öldürülməsindən narahatıq. Biz iki xalq, iki ölkə yanaşmasını dəstəkləyirik, Fələstin xalqının gələcəyi, onların dövlətə sadiq olmaq perspektivi inkar edilə bilməz. Bunu etmək HAMAS-a dəstə verməkdir. HAMAS Qəzzadan çıxmalıdır, bu terrorçu hərəkatdır”.

İtaliyalı nazirin sözlərinə görə, onların və Ərəb ölkələrinin siyasi həll yolu istiqamətində işləməyi və prosesə töhfə verməsi üçün atəşkəs lazımdır.

O həmçinin İordan çayının qərb sahilindəki israillilərin zorakılığını da tənqid edib.

"Hər iki tərəfdən minlərlə mülki şəxs ölüb, buna son verilməlidir. Biz sülh istəyirik, iki dövlətli həll yolunu dəstəkləyirik".

G7-yə sədrlik edən ölkənin XİN rəhbəri Tayani Qırmızı dənizdə baş verənlərdən də danışıb: "Biz husilərin yük gəmilərinə hücumlarından narahatıq. Bu hücumların iqtisadi nəticələri də var".