Prezident: Azərbaycan COP-la əlaqədar iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləyib

Prezident: Azərbaycan COP-la əlaqədar iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləyib

“Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib”.

Birxeber.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşü zamanı deyib.

Prezident qeyd edib ki, Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcək.