Monqolustanda qaz daşıyan yük maşını partlayıb, ölənlər var - YENİLƏNİB - VİDEO

Monqolustanda qaz daşıyan yük maşını partlayıb, ölənlər var - YENİLƏNİB - VİDEO

Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində azı 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Baş İdarəsinin rəhbəri Q.Ariunbuyan bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində 3 hərbi qulluqçu həyatını itirib: “Həmçinin 11 böyük və 3 uşaq yanıq mərkəzinə və mərkəzi hərbi hospitala çatdırılıb, vəziyyətləri ağırdır”.

Paytaxt qubernatorunun mətbuat katibi N.Şuqar yaralıların dəqiq sayını açıqlamayıb və qeyd edib ki, müvafiq idarələrin əməkdaşları hələ də hadisə yerində işləyirlər.

Partlayışdan sonra alov sürətlə yaxınlıqdakı avtomobillərə və qonşu yaşayış binalarına keçib. Hadisə nəticəsində 30 avtomobil tamamilə yanıb, şəhər infrastrukturuna xeyli ziyan dəyib, yanğın nəticəsində zədələnmiş mənzillərdən 40 nəfər sakin (23 böyük və 17 uşaq) müvəqqəti olaraq başqa yerə köçürülüb.

İstintaq tərəfindən partlayışın və yanğının səbəbləri, həmçinin dəymiş ziyanın həcmi müəyyən ediləcək.

00:58

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində azı 24 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “CentralAsia” nəşri məlumat yayıb.

Hadisəyə səbəb yol qəzası olub. Partlayışdan sonra başlayan yanğın yaşayış binasına və bazara keçib.

Partlayış dalğası hətta episentrdən yüzlərlə metr aralıda da hiss olunub.

İlkin məlumatlara görə, fövqəladə hadisə nəticəsində azı 24 nəfər ölüb, onlardan üçü yanğınsöndürəndir. Bu rəqəmlər hələ ki, rəsmi təsdiqini tapmayıb.

Yanğının yayılması dayandırılıb, lakin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.