“Fitch” Azərbaycanın qeyri-neft büdcə kəsirinin azaldılması planlarını təxirə salmasının səbəbini açıqlayıb

“Fitch” Azərbaycanın qeyri-neft büdcə kəsirinin azaldılması planlarını təxirə salmasının səbəbini açıqlayıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi gözləyir ki, Azərbaycanda neft qiymətlərinin büdcədə proqnozlaşdırılandan yüksək olması və qeyri-neft gəlirlərinin artması dövlət büdcəsinin profisitini saxlamağa yardım edəcək, baxmayaraq ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün xərclər artır.

Bu barədə “Birxeber.Az” agentliyin saytına istinadən xəbər verir.

“Bizim hesablamalara görə, 2023-cü ildə icmal büdcənin profisiti ÜDM-in 7,8 %-nə qədər artacaq. Buna baxmayaraq, Azərbaycan Qarabağla bağlı xərcləri qarşılamaq üçün fiskal qaydası çərçivəsində qeyri-enerji üzrə ilkin kəsirin qeyri-neft ÜDM-in 17,5 %-nə (2023-cü ildəki 25 %-dən) endirilməsi hədəfini 1 il (2027-ci ilə qədər) təxirə salıb. Bu, Qarabağ və müdafiə ilə bağlı xərclər üzrə öhdəlikləri yerinə yetirilməsi ilə bağlıdır”, - agentlik qeyd edib.

Hökumət həmçinin dövlət borcunun yuxarı həddini ÜDM-in 30 %-nə qədər artırıb (əvvəllər 20 %). “Fitch”in analitikləri hesab edirlər ki, bu qayda nəzarət və büdcə məqsədlərinin müəyyən edilməsi baxımından məhdud praktikaya və zəif institusional çərçivəyə malikdir.

Bildirilib ki, hökumət bank olmayan kredit təşkilatından - “Aqrarkredit”dən ÜDM-in daxili zəmanətli borcunun 8 %-ni üzərinə götürdükdən sonra 2023-cü ildə ölkənin dövlət borcu ÜDM-in 21,8 %-nə yüksəlib. “Fitch” 2024-25-ci illərdə borcun ÜDM-in orta hesabla 21,6 %-ni təşkil edəcəyini proqnozlaşdırır ki, bu da “BB” ölkə kateqoriyasında ən aşağı göstəricidir. Xarici dövlət zəmanətləri və borclanma 2023-cü ildə 6 milyard ABŞ dollarına (ÜDM-in 8,2 %-i) düşüb, bunun böyük hissəsi mənfəətli olan və dövlət dəstəyini tələb etməyən Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır.