Belçikada hökumət binalarında zəhərli məktublar tapılıb

Belçikada hökumət binalarında zəhərli məktublar tapılıb

Belçika polisi ölkənin hökumət binalarında tərkibində zəhər olan məktublar aşkar edib.

“Report” xəbər verir ki, bu barədə “Politico”nun Avropa versiyası məlumat yayıb.

Qazet yazıb ki, polis Brüsseldəki bir neçə dövlət idarəsində içərisində brusin adlı zəhərli ağ toz olan məktublar tapıb. Zərfləri alanlardan heç biri xəsarət almayıb, polis göndərənin kimliyini müəyyənləşdirir.

Brusin mərkəzi sinir sistemini həyəcanlandırır, səs və işığın təsiri ilə güclənən əzaların, boyun və üzün motor əzələlərinin spazmlarına səbəb olur.

Farmakoloji təsirinə görə brusin strikninə bənzəyir, lakin daha az zəhərlidir. Bununla belə, brusin yalnız tənəffüs yolu ilə və ya bədənə başqa bir şəkildə daxil olduqda təhlükəli olur. Oral qəbul edildikdə insanlar üçün öldürücü doza 0,1-0,3 q təşkil edir.