Yaponiyanın “H3” flaqman raketinin növbəti buraxılışı həyata keçirilib

Yaponiyanın “H3” flaqman raketinin növbəti buraxılışı həyata keçirilib

Yaponiyada “H3” flaqman daşıyıcı raketinin ikinci buraxılışı həyata keçirilib.

Bu barədə “Birxeber.Az” Yaponiyanın Kosmos Tədqiqatları Agentliyinə (JAXA) istinadla xəbər verir.

Raket Kaqosima prefekturasının cənub-qərbindəki Taneqasima Peyk Atış Mərkəzindən buraxılıb.

Yaponiyanın “H3” flaqman daşıyıcı raketinin fevralın 15-nə planlaşdırılan ikinci buraxılışı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

Raketin komponentlərinin istehsalı və yığımını “Mitsubishi” şirkəti həyata keçirir. Onun uzunluğu 63 metr, diametri 5,2 metrdir. Raketin ən iri konfiqurasiyasının start çəkisi 574 tondur.

Qeyd edək ki, “H3”ün ötən ilin martındakı ilk buraxılış cəhdi ikinci mərhələ mühərrikinin işə düşməməsi səbəbindən uğursuz olmuşdu. Agentlik ötən müddətdə uğursuzluğun səbəbini araşdırıb və lazımi ölçülər götürüb.

“H3” Yaponiyada son 30 ildə hazırlanmış ilk iri raketdir. Yaponiya “H3” raketlərini peyklərin orbitə çıxarılmasını əhatə edən rəqabətli və gəlirli biznesdə istifadə etməyi düşünür. “H3” həm də Yaponiyanın kosmik tədqiqatlarda, o cümlədən Ayın tədqiqində istifadəsi üçün nəzərdə tutulub.