FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilib

FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilib

12-16 fevral tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə şahmat çempionatı keçirilib.

APA nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 20 komandasından 70 əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb. Çempionatın baş hakimi Fikrət Sideifzadə tərəfindən idarə olunan turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar və əməkdaşlar müəyyən olunub.

Tədbirin bağlanış mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, bu idman növü gənclərin həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan formalaşmasında böyük əhəmiyyətə malikdir. Hələ Sovet İttifaqı dövründə şahmatın ölkəmizdə populyarlıq qazanmasında, o cümlədən dünya şahmat tacının Azərbaycana gətirilməsində əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda güclü şahmat məktəbi yaradılıb, bu idman sahəsi respublikamızda yüksək səviyyəyə qalxıb. Bu proses bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. 5 gün davam edən yarışda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Mülkü müdafiə qoşunları, üçüncü yerə isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-Mədən Nəzarət Dövlət Agentliyinin komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Fövqəladə Hallar Nazirliyinin Akademiyası komandasının əməkdaşı Cəbrayıl Hüseynli qazanıb. İkinci yerə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi komandasının əməkdaşı Səid Adıgözəlov, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidməti komandasının əməkdaşı Cavid İskəndərli sahib olub.

Sonda qaliblər kubok, diplom və medalla, çempionatın keçirilməsində obyektiv hakimlik xidmətlərinə görə Azərbaycan Şahmat Federasiyasının Hakimlər Komitəsi, göstərdikləri səy və xidmətlərə görə Tibb Xidmətinin əməkdaşları, çempionatın veteran oyunçusu Maddi-texniki Təchizat İdarəsinin əməkdaşı Emin Səmədov isə fəxri fərmanla təltif olunublar.