"Ermənistanın mövqeyindəki qeyri-stabillik regiona təsir edir, Azərbaycan buna hazır olmalıdır" - RƏY
"Soçi bəyanatı bir daha Azərbaycanın mövqeyini təsdiq etdi. Görüşdə Qarabağ münaqişəsinin artıq bitdiyi və digər məsələlərin Azərbaycanın daxili işi olduğu mesajı bir daha bütün dünyaya çatdırıldı".
Bunu "Birxeber.Az"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, Ermənistan suverenliyinin alveri siyasətini davam etdirir.
Deputat vurğulayıb ki, Soçi görüşünü Ermənistanla Azərbaycan arasında sülhə aparan növbəti addım kimi qiymətləndirmək çətindir.
N.Arpadarainin fikrincə, rəsmi Moskva bu prosesdə vasitəçi rolunu itirməməyə çalışır, amma Rusiya tərəfinin bu addımı Azərbaycan və Ermənistandan daha çox, Qərblə münasibətləri ilə əlaqəlidir və Rusiya ilə Qərb arasında əlaqələrin dinamikasını əks etdirir: "Əslində bu dinamika Azərbaycan üzrə deyil, Ermənistan üzrədir. Bu faktiki olaraq, Ermənistanı Rusiyaya, ya da Qərbə “dartmaq” prosesidir. Biz bu prosesdə qismən izləyiciyik".
Deputat söyləyib ki, Ermənistanın hazırkı vəziyyəti və orada baş verən proseslər, onların mövqeyində qeyri-stabillik bütün regiona təsir göstərir.
Milli Məclisin üzvü Azərbaycanın buna hazır olmasını vacib sayır: "Ermənistan suverenliyinin alveri siyasətini davam etdirir. Bu gün Ermənistanın bütün planları güclü dövlət qurmaq üzərində deyil, xarici siyasət avantüraları üçün sponsor tapmaq üzərində qurulub. Ermənistanın real gələcəyə baxışı mövcud deyil. Ermənistanın cari siyasəti istər-istəməz onun dövlətçiliyinin daha da zəifləməsinə gətirib çıxaracaq. Nəzəri cəhətdən biz azərbaycanlıları bu məsələ bir o qədər maraqlandırmır. Bununla belə, regionda suverenliklə alver edən qeyri-sabit qonşunun olması ciddi risk mənbəyidir".
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.