Aleksey Navalnı ölüb

Aleksey Navalnı ölüb

Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda onun ölüm səbəbləri araşdırılır.

Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər:

"Hadisə yerinə dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri tibbi yardım tədbirlər aparılıb, lakin bu müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır".

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, siyasətçinin ölüm səbəbinə tibb işçiləri qiymət verməlidir.

Xatırladaq ki, Aleksey Navalnının 47 yaşı var idi.

Fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmış bildirmişdi ki, Navalnı həbsdə olduğu müddətdə 27-ci dəfə cəzaçəkmə kamerasına göndərilib.