AFFA-nın vitse-prezidenti: “Qarabağ”dan belə möcüzələri həmişə gözləyirik

AFFA-nın vitse-prezidenti: “Qarabağ”dan belə möcüzələri həmişə gözləyirik

“Qarabağ”dan belə möcüzələri həmişə gözləyirik.

Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı Portuqaliyada 4:2 hesabı ilə məğlub etdiyi oyunla bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis Ağdam klubunun potensialını tam şəkildə ortaya qoyduğunu düşünür: “Bir daha təsdiq olundu ki, çempionumuz Avropada yaxşı mənada səs salan komandadır. “Qarabağ”dakı ruh müsbət nəticə qazanmağa imkan verir. Bəlkə də böyükhesablı qələbə qazana bilərdik. Bu oyundan hamımız zövq aldıq, rahatlıq tapdıq. Futbol ənənəsi olan ölkənin güclü rəqibini səfərdə məğlub etmək asan deyil. Reallığı qabaqlayan komandamız var”.

Azərbaycan millisinin sabiq baş məşqçisi hesabın gözlənilməz olduğunu etiraf edib: “Qarabağ” rəqibdən asılı olmayaraq, həmişə ən yaxşı oyununu sərgiləyir. Ancaq etiraf edək ki, belə bir nəticəni çoxları gözləmirdi. Şəxsən mən oyunun bitməsini istəmirdim. “Qarabağ”ın hər hücumu zövq verirdi. Təmsilçimiz irəlilədikcə rəqibləri güclənir, oyunları çətinləşir. “Qarabağ” səviyyəni o qədər yüksəldib ki, Avropa klubları artıq diqqətlərini onlara yönəldiblər. Buna da hazır olmaq lazımdır”.

Vaqif Sadıqov Azərbaycan çempionunun mərhələ adlayacağına inandığını bildirib: “Düşünməməliyik ki, bu nəticə mərhələ adlamaq üçün kifayət edir. Hesab edirəm ki, sərgilənən oyun 1/8 finala yüksəlməyə, gələcəyə nikbin baxmağa imkan verir. “Qarabağ” adına layiq oyun sərgiləyir, müasir futbolun bütün tələblərinə cavab verir. Komandanın avrokuboklarda yolu açıq olsun, daha da irəliləməklə azarkeşləri sevindirsin”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.