Əl-Hurdaji: COP29-da iqlim dəyişikliyinə dair proqramın maliyyələşdirilməsinə diqqət yetiriləcək

Əl-Hurdaji: COP29-da iqlim dəyişikliyinə dair proqramın maliyyələşdirilməsinə diqqət yetiriləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyinə dair proqramın maliyyələşdirilməsinə diqqət yetiriləcək və buna görə də bu tədbir “Finance COP” kimi təqdim olunacaq.

Bu barədə “Report”a açıqlamasında London İmperial Kollecinin tədqiqatçısı, fəlsəfə doktoru Alaa Əl-Hurdaji deyib.

Onun sözlərinə görə, bu, Dubayda keçirilmiş COP28 çərçivəsində yaradılmış “İtki və Zərər Fondu”nun həyata keçirilməsi üçün lazımdır:

“2030-cu ilə qədər bərpa olunan enerjinin həcminin üç dəfə artırılması üçün bu sahəyə qoyulan investisiyalar artmalıdır. Hesablamalara əsasən, bu məqsədə çatmaq üçün dünyanın bundan sonra ildə 2 trilyon dollara ehtiyacı olacaq”.

O qeyd edib ki, yaxın gələcəkdə qalıq yanacaqlarından tədricən imtinaya dair razılaşmaların əldə edilməsində irəliləyiş vacibdir.

Azərbaycanın azad edilmiş ərazilərin bərpası zamanı “yaşıl enerji”ni inkişaf etdirmək niyyətindən danışan Əl-Hurdaji qeyd edib ki, bu istiqamətdə irəliləyiş şübhəsiz ki, müsbət haldır:

“Dünyanın istənilən ölkəsində aşağı və sıfır karbonlu enerjidən istifadə sahəsində irəliləyiş böyük əhəmiyyət kəsb edir. Odur ki, bu, çox vacib hadisədir”.

Alim sonda vurğulayıb ki, dünya birliyi energetika sistemlərini dəyişdirmək üçün sürətlə hərəkət etsə də, hazırda bu addımlar iqlim dəyişikliyi ilə mübarizə üçün yetərli deyil.