Abşeron dairəvi dəmir yolu xətti üzrə ekspres qatarların hərəkət cədvəli dəyişib

Abşeron dairəvi dəmir yolu xətti üzrə ekspres qatarların hərəkət cədvəli dəyişib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə günün pik saatlarında daha çox sərnişinin rahat və təhlükəsiz mənzilbaşına çatdırılması məqsədilə sözügedən xətt üzrə hərəkət cədvəlini optimallaşdırır.

"Birxeber.Az" bu barədə ADY-yə istinadən xəbər verir.

Bildirilib ki, yenilənmiş hərəkət cədvəli Bakı – Sumqayıt – Bakı marşrutu üzrə hərəkət edən ekspres qatara daha dörd vaqon əlavə olunmaqla, ümumilikdə 11 vaqonla hərəkətinə imkan yaradacaq. Bu da öz növbəsində gün ərzində əlavə minlərlə sərnişinin pik saatlarda qatarla rahat səfərini təmin edəcək.

Müştəri məmnunluğunun təmin edilməsi məqsədilə sərnişinlərin rəy və təkliflərini nəzərə almaqla fevralın 22-dən sözügedən marşrut üzrə qatarların hərəkət qrafikində aşağıdakı dəyişikliklər edilir.

Tətbiq ediləcək yeni qrafikə əsasən ekspres qatar Sumqayıt stansiyasında beşinci yoldan hərəkətə başlayacaq. Belə ki, ekspres qatar Bakıdan saat 06:52-də (köhnə qrafiklə saat 06:50) yola düşəcək və vaqonlarının sayında artım olduğundan Sumqayıt stansiyasında fərqli platformada – beşinci yolda qəbul ediləcək. Eyni zamanda Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 7:00-da (köhnə qrafiklə saat 07:05), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 8:45-də (köhnə qrafiklə saat 08:40), Sumqayıtdan Xırdalan istiqaməti ilə çıxan qatar isə saat 9:40-da (köhnə qrafiklə saat 09:35) yola düşəcək.

Səhər saatlarında fəaliyyət göstərən qatarların hərəkət cədvəlinə edilmiş minimal dəyişikliklər sərnişinlərin qatarlara vaxtında çatması və rahat minib-düşməsi üçün imkan yaradacaq.

Həmçinin sərnişinlərin rəy və təklifləri nəzərə alınaraq axşam reyslərinin cədvəlində də müvafiq dəyişikliklər edilib. Belə ki, saat 18:05-də Bakıdan Sumqayıta yola düşən ekspres qatarın hərəkəti saat 18:10-a dəyişdirilib. Eyni zamanda yeni hərəkət cədvəlinə əsasən Bakıdan Xırdalan istiqaməti ilə çıxan qatar saat 18:25-də (köhnə qrafiklə saat 18:20), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 19:10-da (köhnə qrafiklə saat 19:02), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 20:10-da (köhnə qrafiklə saat 20:05), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan ekspres qatar isə saat 18:58-də (köhnə qrafiklə saat 19:20) yola düşəcək.

Qeyd edək ki, hazırda vaqon parkını yeniləyən ADY alınmış FLIRT markalı müasir sərnişin qatarlarından ikisinin yaz aylarında istismara verilməsini planlaşdırır. Hazırda həmin qatarların texniki sınaqları həyata keçirilir. Bununla da ictimai nəqliyyatda müşahidə olunan sıxlığın aradan qaldırılması və insanların vaxtında mənzilbaşına təhlükəsiz çatdırılması üçün növbəti addımlar atılacaq.

2023-cü ildə ADY tarixində ilk dəfə olaraq il ərzində 7 milyondan çox sərnişin daşınıb. Bu göstərici 2022-ci illə müqayisədə 30 %-dən çoxdur.