Bu il Azərbaycanın sənaye zonalarında 10-a yaxın müəssisə işə düşəcək

Bu il Azərbaycanın sənaye zonalarında 10-a yaxın müəssisə işə düşəcək

Bu il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisəsinin işə düşməsi planlaşdırılır.

"Birxeber.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında bildirib.

"Bu müəssisələrdə ümumilikdə təqribən 1 000 daimi iş yerinin yaradılması planlaşdırılır, - deyə o qeyd edib.

Hazırda Azərbaycanda 6 sənaye parkı (Sumqayıt Kimya, Pirallahı, Qaradağ, Ağdam, "Araz Vadisi İqtisadi Zonası" və Mingəçevir), 4 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala və Sabirabad) var.

Onun sözlərinə görə, yaradılacaq müəssisələrin 5-dən çoxu (divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların və s istehsal müəssisələrinin) Ağdam Sənaye Parkında fəaliyyətə başlaması planlaşdırılır.

"Sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi ilə ixrac ediləcək", - deyə o qeyd edib.

Agentliyin sədri əlavə edib ki, Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib: "Bu rezidentlər Parka 190 milyon manatdan çox investisiya yatırmağı, 1 700-dən çox iş yeri yaratmağı planlaşdırır. Bu günə qədər rezidentlər 15 milyon manatdan çox investisiya yatırıb, 120-yə yaxın daimi iş yeri yaradıb".

Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb.