Deputatlar Əli Əsədovun Baş nazir vəzifəsində xidmətlərini yüksək qiymətləndirib

Deputatlar Əli Əsədovun Baş nazir vəzifəsində xidmətlərini yüksək qiymətləndirib

“Prezident ayın 14-də andiçmə mərasimində qeyd elədi ki, Azərbaycanda yeni bir dövr başlayır”.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat Baş nazir vəzifəsini icra edən Əli Əsədovdan bu dövrün özünü nədə ehtiva edəcəyini və nədə göstərəcəyini soruşub: “İkincisi, hökumət repetitorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı ideya, düşüncələr, fikirlər varmı? Bundan başqa, hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə də “quru sərhədləri nə vaxt açılacaq” sualına aydınlıq gəlməlidir. Məsələn, insanlar Gürcüstana gedib öz qohumlarını ziyarət edə bilməsi üçün...”

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, Nazirlər Kabineti Əli Əsədovun rəhbərliyi dövründə çox böyük işlər görüb: “Əli müəllim ilk Baş nazir olacaq ki, bütün Azərbaycanın ərazisində Baş nazir kimi fəaliyyət göstərəcək. İndiyə qədər olan dövrdə heç bir Baş nazir bütün Azərbaycan ərazisində öz səlahiyyətlərinə həyata keçirməyib. Əli müəllimə uğurlar arzu edirəm”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə nəzərə çatdırıb ki, Əli Əsədovun yenidən Baş nazir vəzifəsinə təyin olunması məsələsi çox mühümdür: “Hazırda bölgədə baş verən məsələlər onu deməyə əsas verir ki, Azərbaycanda çox güclü Baş nazir olmalıdır. Əli müəllimin 5 illik Baş nazirlik fəaliyyəti göstərdi ki, o, həqiqətən yerində olan kadrdır”.

Parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə qeyd edib ki, Prezidentin 14 fevral çıxışı yol xəritəsidir: “Ana xətt iki istiqamətdə üzərində qurulub. Birinci növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpa məsələsidir. İkinci istiqamət isə Ermənistanla münasibətlərin sülh müqaviləsi ilə yekunlaşmasıdır. Cənab Prezidentin qarşıya qoyduğu bu vəzifələrin icrasında hökumətə uğurlar arzu edirəm".

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli də təşəbbüsü dəstəklədiyini bildirib və təklifi səsə qoymağı təklif edib: "İnsan üçün iki ümdə keyfiyyət var. Birincisi də, ikincisi də sədaqətdir. Bu keyfiyyətlər də Əli müəllimdə var".

Baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Əli Əsədov isə bildirib ki, Prezident Milli Məclisdəki bu kürsüdən proqram xarakterli çıxış edib: “Dövlət başçısı gələcək illərdə hökumət qarşısında tələblər qoydu”.

Əli Əsədov Azərbaycanın dinamik inkişafı üçün çalışacaqlarını bildirib.