DİN obyektlərin, mənzillərin, blokların girişində kameralaşmaya üstünlük verməyi tövsiyə edir

DİN obyektlərin, mənzillərin, blokların girişində kameralaşmaya üstünlük verməyi tövsiyə edir

Ölkə üzrə yaşayış evlərindən oğurluq halları ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində açılma faizi 70-80 faiz təşkil edir. Bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameralaşma işinə xüsusi diqqət yetirilir.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, DİN tərəfindən dövlət maliyyəsi ilə quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya üstünlük verməsi tövsiyə olunur:

"Oğurluq hallarına qarşı mübarizədə əsas metodlar sırasında olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amildir.

Bunu nəzərə alaraq, hər bir şəxs bilməlidir ki, kameraların olması həm də hansısa əmlakın talanma cəhdində çəkindirici, mane vasitədir. Çünki oğrular hədəf seçərkən əvvəlcə müşahidə kameralarının mövcudluğunu öyrənir. Təhlükəsizilik kameraları təkcə mülkiyyət cinayətlərinin deyil, ətrafda müşahidə olunan neqativ halların vaxtında aradan qaldırılmasında faydalı vasitədir.

Bir daha vətəndaşlardan xahiş edirik ki, kameralaşma işinin təşkilinə diqqətlə yanaşsınlar, əmlakın mühafizəsində kameranın profilaktik əhəmiyyətini nəzərə alsınlar".