Avropa çempionatı: bu gün qadınların yarışına yekun vurulacaq, sərbəst güləşçilər mübarizəyə başlayacaqlar

Avropa çempionatı: bu gün qadınların yarışına yekun vurulacaq, sərbəst güləşçilər mübarizəyə başlayacaqlar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

“Report”un məlumatına görə, bu gün qadınların yarışına yekun vurulacaq, sərbəst güləşçilər mübarizəyə başlayacaqlar.

Qadınlarda Birgül Soltanova (62 kq) təsəlliverici, Elis Manolova (65 kq) isə bürünc medal görüşünə çıxacaq.

Azərbaycanın 5 sərbəst güləşçisi xalça üzərinə çıxacaq. İslam Bazarqanov (57 kq) və Kənan Heybətov (70 kq) təsnifatdan yarışa qoşulacaqlar. Onlar müvafiq olaraq Aryan Tsiutrin (AIN) və George Bukurla (Rumıniya) üz-üzə gələcəklər.

Əli Rəhimzadə (65 kq), Orxan Abasov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) isə 1/8 finaldan mübarizəyə başlayacaqlar. O.Abasov İman Mahdavini (UWW), M.Maqomedov isə Georgian Triponu (Rumıniya) sınağa çəkəcək. Ə.Rəhimzadənin rəqibi Səlim Naim (Bolqarıstan) - İslam Hüseynov (AIN) cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 8 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.