Peter Siyarto: “Macarıstan bu il Türkiyə qazının ilk tədarükünə başlayacaq”

Peter Siyarto: “Macarıstan bu il Türkiyə qazının ilk tədarükünə başlayacaq”

Macarıstan MVM və Türkiyənin “Botaş” şirkətləri artıq bu ilin ikinci rübündə təbii qaz tədarükünə başlamaq üzrə müqavilə imzalamağı planlaşdırır.

“Report” Macarıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

Onun sözlərinə görə, Budapeşt Ankara ilə 275 milyon kubmetr Türkiyə qazının tədarükü ilə bağlı razılığa gəlib. Macarıstan Türkiyə ilə ortaq sərhəd olmadan Türkiyə qazı idxal edən ilk dövlət olacaq.

Bundan əlavə, P.Siyartonun sözlərinə görə, Macarıstanın MOL şirkəti Türkiyənin TPAO şirkəti ilə birlikdə Türkiyənin cənub-şərq hissəsində kəşf edilmiş neft-qaz yataqlarının işlənməsinin ilkin prosesinə başlayır.

Qeyd edək ki, Macarıstan qazın əsas həcmini “Türk axını” boru kəməri ilə, Bolqarıstan və Serbiya ərazilərindən tranzitlə keçməklə Rusiyadan alır. Eyni zamanda, rəsmi Budapeşt sırf enerji təhlükəsizliyi səbəblərinə görə "mavi yanacaq" tədarükçülərinin sayını artırmaq üçün imkanlar axtarır. Hərçənd hökumət də Rusiyadan "mavi yanacaq" alışından tamamilə imtina etmək niyyətində olmadığını söyləyir.

Xatırladaq ki, 2023-cü ilin yayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Macarıstan həmçinin qaz anbarları üçün Azərbaycandan 50 milyon kubmetr qaz da almaq niyyətindədir. Bakı və Budapeşt arasında Azərbaycan qazının tədarükünü ildə 1 milyard kubmetrə çatdırmaq barədə razılıq əldə olunub.