Tanınmış fotojurnalist Reza Deghatinin gənclərlə görüşü keçirilib

Tanınmış fotojurnalist Reza Deghatinin gənclərlə görüşü keçirilib

Fevralın 15-də “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə “Reza Deghatinin gözündə Xocalı soyqırımı” adlı görüş keçirilib.

Bu barədə "Report"a Gənclər Fondundan bildirilib.

Görüşdə Xocalı soyqırımından dərhal sonra çəkdiyi fotolar bütün dünyada yayılan, məşhur fotojurnalist Reza Deghati iştirak edib. Azərbaycan Texniki Universitetində keçirilən görüşdə Reza Deghati Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları təqdim edib və şahidi olduğu hadisələrdən danışıb. O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə olduğunu söyləyib.

Fotojurnalist Xocalıda və digər yerlərdə çəkdiyi şəkillərlə bağlı həqiqətləri dünyaya çatdırmağa çalışdığını vurğulayıb.

Layihənin təşkilatçısı olan “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı jurnalistlərə verdiyi müsahibəsində layihə barəsində ətraflı məlumat verib və belə layihələrin gənclərin öz keçmişlərini unutmaması üçün vacibliyini vurğulayıb.

Qeyd edək ki, R.Deghati Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib.