ABŞ-nin Azərbaycandakı səfiri 907-ci düzəlişdən danışıb

ABŞ-nin Azərbaycandakı səfiri 907-ci düzəlişdən danışıb

Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.

APA xəbər verir ki, bunu ABŞ-nin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mark Libbi yerli media nümayəndələrinə açıqlamasında bildirib.

“907 saylı düzəliş 30 il əvvəl qəbul edilmiş qanunun bir hissəsidir. Mən 30 il əvvəl indiki vəzifədə çalışmırdım. Bu qanunda düzəliş edə bilmərəm.

Mən sizə onu deyə bilərəm ki, biz hər il təhlükəsizlik sahəsində müəyyən növ yardım göstərmək üçün 907 saylı düzəlişdən yayınmağın lazım olub-olmadığı barədə düşünürük, lakin bu, hələ nəzərdən keçirilir”, - deyə diplomat bildirib.

Səfir vurğulayıb ki, 907 saylı düzəliş Azərbaycanla əməkdaşlıq etmək üçün görülə biləcək yeganə iş deyil: “Bunun niyə belə inanılmaz dərəcədə vacib olduğunu hələ də tam anlaya bilmirəm. Bu, münasibətlərimizin geniş spektri, Azərbaycanla bütün sahələrdə qarşılıqlı fəaliyyətimiz, mədəni, iqtisadi və hətta müəyyən dərəcədə təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından kiçik paya malik bir hissədir”.

Libbinin sözlərinə görə, Azərbaycanın ABŞ-nin hərbi yardımına ehtiyacı yoxdur:

“907 saylı düzəliş bir sıra hərbi yardım növlərinə məhdudiyyət qoyur. Azərbaycanın ABŞ-nin hərbi yardımına ehtiyacı olub-olmadığını bilmirəm, çox güman ki, yoxdur. Bu, prioritetlərimiz kontekstində diqqətlə nəzərdən keçirməli olduğumuz məsələdir. Məsələ ilə bağlı bu il heç bir qərar verilməyib, lakin Azərbaycanla bağlı digər işlərimiz də var.

Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Biz Ermənistanın da ərazi bütövlüyünü dəstəkləyirik. Ərazi bütövlüyünün dəstəklənməsi əvvəldən bizim əsas prinsipimiz olub”, - deyə səfir əlavə edib.

Hacı Cavadov

Zümrüd Paşkin