Türkiyə XİN başçısı: Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Türkiyə XİN başçısı: Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Rəsmi Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün görüşdə Abxaziya və Cənubi Osetiyadakı durum da müzakirə olunub: “Bu regionlardakı problemlər Gürcüstanın suverenliyi, ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Bu məsələ ilə bağlı qətiyyətli mövqeyimizi bu gün bir daha dilə gətirdik. Problemlərin həlli ilə bağlı Türkiyənin verə biləcəyi töhfələr barədə də danışdıq”.

H.Fidan söyləyib ki, o, həmkarı ilə həm də Şərqi Avropada davam edən savaş barədə danışıb: “Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyimizi də diqqətə çatdırdıq. Bu müharibənin beynəlxalq hüquq prinsipləri əsasında, ədalətli şəkildə başa çatması barədə fikir mübadiləsi apardıq”.