Sabaha Milli Məclisin iclası çağırılıb

Sabaha Milli Məclisin iclası çağırılıb

Milli Məclisin fevralın 16-da iclası keçiriləcək.

"Report"un əldə etdiyi məlumata görə, toplantı saat 10:00-da baş tutacaq.

İclasın gündəliyi rəsmi olaraq elan edilməyib. Amma toplantıda dövlət başçısının Baş nazirin təyinatı ilə bağlı təqdimatına baxılacağı gözlənilir.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Xatırladaq ki, Milli Məclisin iclasları adətən saat 11:00-da başlayır.